“OpenAI” şirkətinə 40 milyard dollar sərmayə qoyulur

10:18 - 2.04.2025


2 aprel, Fineko/abc.az. “ChatGPT” çat-botunun yaradıcısı olan “OpenAI” şirkəti əsas iştirakçısı “SoftBank”ın olduğu 40 milyard dollarlıq investisiya raundu həyata keçirib.

ABC.AZ xəbər verir ki, investisiya raundu çərçivəsində “OpenAI” 300 milyard dollar dəyərində qiymətləndirilib, şirkətin açıqlamasında bildirilir. “OpenAI”nin bəyanatında deyilir ki, yeni maliyyə “süni intellekt üzrə tədqiqatın sərhədlərini daha da genişləndirməyə və hesablama infrastrukturunu genişləndirməyə imkan verəcək”.

“SoftBank” “OpenAI Global”a 30 milyard dollara qədər sərmayə qoyacağını bildirib. Daha 10 milyard dolların isə digər investorlar qrupu tərəfindən ödənilməsi gözlənilir. “SoftBank”ın məlumatına görə, “OpenAI” aprelin ortalarına planlaşdırılan birinci raundda ümumilikdə 10 milyard dollar alacaq. Qalan 30 milyard dollar isə “OpenAI Global”ın 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində müstəqil kommersiya qurumuna çevrilməsi şərti ilə ödəniləcək.