Waymo pilotsiz taksiləri gələcəkdə şəxsi istifadəyə verilə bilər

18:27 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Alphabet holdinqinə daxil olan Waymo şirkətinin pilotsuz taksiləri gələcəkdə şəxsi istifadə üçün əlçatan ola bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters agentliyinə açıqlamasında Alphabet-in baş direktoru Sundar Piçai məlumat verib. O, bu avtomobillərin satışının necə həyata keçiriləcəyi və ya nə vaxt baş tutacağı ilə bağlı ətraflı məlumat verməsə də, “gələcəkdə şəxsi sahibliyin mümkün olacağını” qeyd edib.

Hazırda Waymo-nun avtoparkında 700-dən çox nəqliyyat vasitəsi var və onlardan 300-ə yaxını San-Fransiskoda fəaliyyət göstərir. Waymo ABŞ-da kommersiya əsaslı robotaksi xidməti göstərən yeganə şirkətdir.

Digər tərəfdən, Tesla-nın baş direktoru İlon Mask Waymo-nun robotaksilərinin Tesla elektromobilləri ilə müqayisədə daha baha başa gəldiyini bildirib. Onun sözlərinə görə, “Tesla-nın qiyməti Waymo-dan dörd dəfə ucuzdur və kütləvi şəkildə istehsal olunur. Hazırda Tesla ilə rəqabət apara biləcək bir şirkət görmürəm”.