Qarabağda “Xankəndi” radio-televiziya yayım stansiyası qurulacaq

10:22 - 4.06.2025


4 iyun, Fineko/abc.az. 03 iyun 2025-ci il tarixində Audiovizual Şuranın növbəti iclası keçirilib.

Şuradan ABC.AZ-a verilən məlumata görə, iclas tikilməkdə olan “Xankəndi” radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələlərinə həsr olunub.

Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı “Şuşa”, “Şahyeri”, “Turşsu”, “Həsənriz kənd” və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.

“Xankəndi” RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.

İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilib və təqdir olunub.