10:51 - 10.06.2025
10 iyun Fineko/abc.az. Mərkəzi Bankın (AMB) İdarə Heyəti 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sığortaçıda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat, hərtərəfli, etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Müvafiq məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya maraqları arasında tarazlıq saxlanılmalı, qanunla hər hansı sirr təşkil edən məlumatların qorunması təmin edilməlidir. İctimaiyyətə açıqlanan məlumatlar sığortaçının Mərkəzi Banka təqdim etdiyi məlumatlarla uyğunsuzluq təşkil etməməlidir.
Sığortaçının fəaliyyəti barədə ümumi məlumatların həmçinin, ödəmə qabiliyyəti, maliyyə vəziyyəti və bazar davranışları (bazar davranışları barədə məlumatların açıqlanması təkrarsığortaçılara şamil edilmir) barədə məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı fəaliyyət hesabatı (bundan sonra – Fəaliyyət hesabatı) bu Standartların 3 nömrəli Əlavəsində nəzərdə tutulmuş formada və məzmunda illik əsasda tərtib edilir. Fəaliyyət hesabatı hər il təqvim ili başa çatdıqdan sonra 5 ay müddətində sığortaçının internet səhifəsinin istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrıca bölməsində illər üzrə qruplaşdırılmaqla “PDF” və ya digər ixrac oluna bilən formatda yerləşdirilir.
14 İyul 2025
14 İyul 2025