Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

11:08 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair yaydığı press-relizdə qeyd edilir.

Qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.

İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%, aylıq inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.