Rezidentlərin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri nə qədər olub?

14:45 - 19.06.2025


19 iyun, Fineko/abc.az. 2025-ci ilin I rübündə Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788.9 milyon ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 460.6 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi dəyəri 1.2 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 63.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Qeyd edilib ki, 2025-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.7 milyard ABŞ dolları təşkil edib. Bunun 2.7 milyard ABŞ dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 milyard ABŞ dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 36.3% artaraq 0.7 milyard ABŞ dolları olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 375.3 milyon ABŞ dolları olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 377.5 milyon ABŞ dolları olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 26.7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.