"Özbəknefteqaz" SOCAR ilə əməkdaşlığa başlayıb

14:47 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. "Özbəknefteqaz" ASC 2025-ci ilin yayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış hasilatın pay bölgüsü sazişində (HPBS) iştirak üçün üçüncü tərəfdaşları dəvət edir.

ABC.AZ Qazaxıstan bürosunun məlumatına görə, bu barədə "Özbəknefteqaz" ASC İdarə Heyətinin sədri Baxodirjon Sidikov XVI "Kazenergy" Avrasiya Forumunda "Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm" mövzusunda çıxışı zamanı bildirib.

Saziş Üstyurt bölgəsində geoloji kəşfiyyatı və sonrakı hasilatı nəzərdə tutur.

"Biz yaxın zamanda SOCAR ilə əməkdaşlığa başladığımızı elan etdik. Eyni zamanda, üçüncü tərəfdaşları da bu əməkdaşlığa dəvət edirik. Bu, sazişimizin bir hissəsi olacaq", - o qeyd edib.

B.Sidikov bildirib ki, Özbəkistanda kifayət qədər uzun müddətdir təbii qaz hasilatının azalması müşahidə olunur.

"Bununla belə, müasir texnologiyaların, ixtisaslı mütəxəssislərin, etibarlı tərəfdaşların mövcudluğu ilə vəziyyəti artıq bu il yaxşılaşdırmaq imkanı mövcuddur. İlk növbədə, söhbət qabaqcıl texnologiyaların tətbiq olunduğu yeni geoloji-kəşfiyyat işlərindən və investisiyalardan gedir. Artıq bu ildən başlayaraq müəyyən müsbət dəyişikliklər görürük: Üstyurd yaylasında yeni yataqlar aşkar edilib", - o bildirib. © Report