Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

10:39 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 65,428 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Təkcə sentyabrda Türkiyə Azərbaycana 7,023 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,2 % azdır.

9 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % artaraq 30 milyard 205 milyon ABŞ dollarına, sentyabrda isə 7,7 % artaraq 3,661 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 4 milyard 944,121 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 37,8 % çox), Fransa 3 milyard 436,283 milyon ABŞ dolları (+16,1 %) və Böyük Britaniya 3 milyard 096,871 milyon ABŞ dolları (- 2,4 % az) dəyərində həyata keçirib.