Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1,5%, 2026-cı ildə isə 2,8 % artacaq - Proqnoz

16:58 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,5 %, 2026-cı ildə isə 2,8 % artacağını proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə ING məlumat yayıb. Əvvəlki proqnozlarla müqayisədə 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,8 faiz bəndi azaldılıb, 2026-cı il üçün isə 0,3 faiz bəndi artırılıb.

Beləliklə, ING 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımını 2,15 % səviyyəsində proqnozlaşdırır.

Bankın proqnozlarına görə, cari ildə nominal ÜDM 79,6 milyard ABŞ dolları təşkil edəcək, gələn il isə 81,3 milyard ABŞ dollarına çatacaq.

"Biz Azərbaycanın ÜDM, büdcə, xarici balans və inflyasiyası (CPI) üzrə qısamüddətli proqnozları bu ilin birinci yarısının göstəricilərinə əsaslanaraq aşağı salırıq. Ölkənin maliyyə mövqeyi əhəmiyyətli dövlət aktivləri və balanslaşdırılmış büdcə siyasəti sayəsində dayanıqlı olaraq qalır. "Moody's"in suveren reytinqinin "Baa3" investisiya səviyyəsinə yüksəldilməsi portfel investisiyalarının axını üçün müsbət amildir. Buna baxmayaraq, cari hesabın gələn il mənfi zonaya keçməsi riski yüksək olaraq qalır", - bankın hesabatında vurğulanıb.