ABŞ hökumətinin fəaliyyətinin dayanması Hindistanla ticarət danışıqlarını ləngidib

15:36 - 7.10.2025


7 oktyabr, Fineko/abc.az. ABŞ hökumətinin fəaliyyətinin dayanması (şatdaun) Hindistanla ticarət müqaviləsi üzrə danışıqları ləngidib, lakin onların altıncı raundu çox güman ki, tezliklə baş tutacaq.

ABC.AZ xəbər verir ki, bunu Hindistanın ticarət naziri Piyuş Qoyal deyib.

Oktyabrın 1-də ABŞ-da yeni maliyyə ili başladı, Konqres büdcəni razılaşdırmağa vaxt tapmadı və hazırda hökumət işləyə bilmir. ABŞ-da bu cür şatdaun, növbəti maliyyə ili üçün razılaşdırılmış büdcənin olmaması səbəbindən birbaşa Konqres tərəfindən maliyyələşdirilən dövlət qurumlarının bir hissəsinin dayandırılmasını nəzərdə tutur və bu nadir bir vəziyyət deyil. Tramp daha əvvəl hökumətin fəaliyyətindəki fasilə müddətini kütləvi kadr ixtisarları və ödənişlər üçün istifadə edə biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, büdcənin uzlaşdırılmasında problem demokratların mövqeyi ilə yaranıb, Ağ Ev indiki vəziyyətdən isə respublikaçıların bəyənmədiyi proqramlardan qurtulmaq üçün istifadə edir.

"Ola bilsin ki, tezliklə ABŞ ilə danışıqların altıncı raundu keçiriləcək. ABŞ hökumətinin şatdaun ilə əlaqədar olaraq, danışıqların növbəti mərhələsinin nə vaxt baş verə biləcəyini müəyyənləşdirməliyik", — deyə nazir bildirib.