Cəlilabadda 5 minə yaxın əhali qazsız qalıb

14:18 - 8.10.2025


8 oktyabr, Fineko/abc.az. Cəlilabad rayonunun Qarakazımlı, Sarxanlı, Moranlı, Zərbəli və Dələli kəndlərinin sakinləri yaşadıqları ərazidə təbii qaz olmamasından əziyyət çəkirlər.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna müraciət edən sakinlər bildirib ki, problem ümumilikdə 5 minə yaxın əhalini əhatə edir.

"Bizim kəndlər rayon mərkəzindən təxminən 35 kilometr məsafədə, dağətəyi ərazilərdə yerləşir. Çox sərt keçən qış aylarında yanacaq və istiliyin təmin edilməsi üçün əsasən odun və maye qazdan istifadə etməli oluruq. Artıq bağlarda kəsməyə ağac qalmayıb, məcbur olub odunu pulla alırıq. Hazırda bir kubmetr odunun qiyməti 25 manata yaxındır, bu da əlavə xərc deməkdir. Təəccüblüdür, yaxınlıqdakı Gülməmmədli kəndinə qaz xətti çəkilib, amma nədənsə, bizim bu beş kənd hələ də qazsızdır", - deyə onlar qeyd edib.

Sakinlər problemlə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hələlik müsbət nəticə əldə olunmadığını deyiblər.