Dövlət istiqrazları üzrə orta ödəmə müddəti endirilib?

11:53 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisi 1,47 ilə qədər azalıb.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində borc portfelinin strukturunda risklərin azaldılması, borc dayanıqlığının gücləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Bu il bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazlarının dövriyyə müddəti artırılıb. Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi mexanizminin tətbiqi büdcəyə əlavə gəlir gətirən effektiv alətə çevrilib.

Son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində bu il yanvarın 1-nə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 %-i 1–3 illik, 8,6 %-i isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu vəziyyət dövlət istiqrazları üzrə OÖM göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yeni maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.