Səudiyyə şirkəti Əlcəzairdə neft hasil etməyə başlayacaq

11:45 - 14.10.2025


14 oktyabr, Fineko/abc.az. Əlcəzair “Sonatrach” dövlət şirkəti Səudiyyə Ərəbistanın “Midad Energy” şirkəti ilə İllizi hövzəsinin karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsinə dair 5,4 milyard dollarlıq müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, məhsul bölgüsü müqaviləsi 30 il davam edəcək və daha 10 il uzadıla bilər.

Midad Energy North Africa, kəşfiyyat üçün ayrılan 288 milyon dollar da daxil olmaqla investisiyaları tam şəkildə maliyyələşdirəcək.

İllizi'nin cənub perimetri, Əlcəzairin İn-Amenas şəhərindən təxminən 100 km cənubda, Liviya sərhədinə yaxın yerləşir.

Bundan qabaq “Sonatrach”, Çinin “Sinopec” şirkəti ilə 850 milyon dollar dəyərində karbohidrogenlərin inkişafı və kəşfiyyatı haqqında son müqavilə də daxil olmaqla beynəlxalq tərəfdaşlarla müqavilələr imzalamışdı.

Əlcəzair hakimiyyəti, ölkənin qarşıdakı beş il ərzində enerji sektoruna 60 milyard dollar sərmayə qoyacağını, kəşfiyyat və mədən işlərinə xüsusi diqqət yetirəcəyini bildirmişdi.