İşğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan olunub - İlqar İsbatov

11:56 - 14.10.2025


14 oktyabr, Fineko/abc.az. Qarabağ və Şərqi Zəngəzurda mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, hidrotexniki qurğular və mədəniyyət abidələrinin bərpası aparılır, meliorasiya tədbirləri həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh-2025" sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu işlərin aparılmasında əsasən Azərbaycan inşaatçıları və mühəndisləri iştirak edir.

"Bununla yanaşı, xarici təcrübədən də faydalanırıq, amma işlərin əksəriyyəti Azərbaycan mütəxəssislərinin zəhmətinin nəticəsidir", - deyə İ.İsbatov qeyd edib.

O xatırladıb ki, işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan olunub və burada bütün tikinti işləri sıfır karbon emissiyası hədəfinə uyğun şəkildə həyata keçirilir. İ.İsbatov əlavə edib ki, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərlə yanaşı, ölkənin bütün regionlarında tikinti işləri böyük vüsət alıb.

İ. İsbatov paytaxtda təsdiqlənmiş baş plan əsasında görüləcək işlər barədə də məlumat verib:

"Şəhərin müxtəlif hissələrində iri tikinti meydançalarının təşkili, yeni yaşayış komplekslərinin, ictimai və mülki binaların inşası nəzərdə tutulub. Bu baxımdan sərginin keçirilməsi həm mövcud nailiyyətlərin təqdimatı, həm də gələcək layihələrin müzakirəsi üçün xüsusi əhəmiyyət daşıyır", - deyə o əlavə edib. © Report