Xankəndidə III Milli Şəhərsalma Forumu keçirilir

11:14 - 15.10.2025


15 oktyabr, Fineko/abc.az. Xankəndidə "İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" şüarı altında III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) start götürüb.

ABC.AZ xəbər verir ki, forumda dayanıqlılıq, inklüzivlik, şəhərsalma innovasiyaları və sağlam şəhər mühitinin yaradılması əsas vurğu kimi çıxış edəcək.

Bundan əlavə, forumda geniş spektrli çağırışlar müzakirə ediləcək. Buraya mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonrakı bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi, rəqəmsal innovasiyalar, təbiətəsaslı həllər və regional tərəfdaşlıqların gücləndirilməsi daxildir.

Forumda 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı təmsil olunur. Forum həmçinin WUF13-ə (Ümumdünya Şəhər İnkişafı Forumu) aparan yolda mühüm hazırlıq mərhələsi kimi çıxış edəcək, davamlı şəhər və regional inkişafın təşviqinə sadiq olan milli və beynəlxalq tərəfdaşlar arasında dialoq və əməkdaşlığa töhfə verəcək, beynəlxalq ən yaxşı təcrübələri nümayiş etdirəcək və yerli fəaliyyətləri stimullaşdıracaq.