2026-cı ildə Azərbaycanda ÜDM-in həcmi 134 mlrd. manatı ötəcək

17:16 - 16.10.2025


16 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 129,5 milyard manata qədər artacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı proqnozlaşdırılır.

Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilib. 2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2026-2027-ci illərdə artım proqnozlaşdırılır.