Monqolustan ətləri Azərbaycanda 8 manat daha ucuz satılır

10:31 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Hamımıza məlumdur ki, son zamanlar Azərbaycanın ət bazarının böyük hissəsi Monqolustandan gətirilmiş xam maldan ibarətdir.

Xaricdən gətirilmiş ətə öyrəşməyən əhali isə Monqolustan qoyunlarına tam etibar etmir. İnsanlar onların böyüdülmə və kəsilmə şəraitini bilmədiyi üçün haqlı olaraq əti alarkən bir neçə dəfə düşünməli olur.

Onları düşündürən amillərdən biri də Monqolustan ətinin ucuz olmasıdır. Belə ki, yerli qoyunun ətinin qiyməti 20 manat olduğu halda, "monqol əti"nin qiyməti 12 manata satılır.

Qeyd edək ki, Azərbaycana xaricdən gətirilən dondurulmuş qoyun ətinin 91%-i Monqolustanın payına düşür.

Bəs "monqol əti"nin qiyməti niyə ucuzdur?

ABC.AZ xəbər verir ki, Monqolustan dünya miqyasında heyvandarlıq baxımından böyük sürülərə malikdir. Əhalinin əksər hissəsi heyvandarlıqla məşğuldur.

Ölkənin 3 milyona yaxın əhalisi olsa da, 30 milyondan çox qoyun var. Bu miqdar daxili təlabat üçün həddindən artıq çoxdur.

Ona görə də bazarda qiymətlərin aşağı enməsinə münbit şərait yaranır. Habelə heyvanlar əsasən açıq otlaqlarda, təbii otlarla qidalanır - bu isə yem xərclərini azaldır.

Müəllif: Elmir Muradov