Çip istehsalçıları bir neçə gün ərzində yarım trilyon dollar dəyər itirib

16:58 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Çip istehsalçıları sektorunda gecikmiş korreksiya nəticəsində “Philadelphia Semiconductor Index” (PSI) və Asiya mikroçip istehsalçılarının səhmlərini izləyən “Bloomberg” indeksinin ümumi bazar dəyəri 500 milyard dollar azalıb.

ABC.AZ xəbər verir ki, satış dalğasına səbəb “Palantir” şirkətinin zəif maliyyə proqnozu olub.

Bazarın bağlanmasından sonra “Advanced Micro Devices” (AMD) şirkətinin nəticələri və proqnozları da eyni reaksiyaya səbəb olaraq Asiya bazarlarında çərşənbə günü ticarət sessiyasına mənfi təsir göstərib.

Nəticədə qorxular bütün süni intellekt (AI) istehsal sektoruna yayılıb: bu gün səhər “Samsung”un səhmləri 4%, TSMC-nin səhmləri isə 3,5% ucuzlaşıb.

İnvestorlar artıq bir müddətdir AI şirkətlərinin həddindən artıq yüksək qiymətləndirilməsi səbəbindən mümkün korreksiya barədə müzakirə aparırlar. PSI indeksi hazırda gələcək mənfəətin 28 qat dəyərində ticarət olunur, halbuki son beş ilin orta göstəricisi 22 qat olub.