Çin şirkəti Şəmkirdə dəmir zavodu tikəcək

11:51 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. Pekin şəhərində "Daşkəsən Dəmir Filiz" MMC-nin törəmə şirkəti "Azerbaijan Metal Company" MMC və Çinin "Sinosteel Equipment & Engineering Co., Ltd" şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb.

ABC.AZ "AzerGold"a istinadən xəbər verir ki, müqavilə "AzMC" MMC-nin baş direktoru Ceyhun Əliyev və "Sinosteel" şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dolları təşkil edir.

Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan isti briketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsas mərhələ hesab olunur. Dörd ay müddətində tamamlanması planlaşdırılan sənəd, zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi istiqamətində beynəlxalq institutlar və banklar qarşısında əsas istinad sənədi rolunu oynayacaq. Hazırlanacaq TİƏ sənədi zavodun inşası üçün optimal texnoloji həllərin müəyyən edilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını, eləcə də tammiqyaslı işlənməsi üzrə növbəti mərhələlərin həyata keçirilməsini təmin edəcək.

Müəllif: Elmir Murad