Pərakəndə ticarət şəbəkələrində 11 ayda 58 milyard 571,3 milyon manatlıq məhsullar satılıb

12:30 - 11.12.2025


11 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.