Avropa İttifaqı Rusiyaya yardım səbəbilə Qırğızıstana qarşı sanksiyalar hazırlayır

11:48 - 2.02.2026


2 fevral, Fineko/abc.az. Avropa İttifaqı Rusiyaya sanksiyalardan yan keçməkdə yardım göstərilməsi ilə əlaqədar Qırğızıstana qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər hazırlayır.

ABC.AZ-ın Bloomberg-ə istinadən verdiyi məlumata görə, Moskvaya qarşı növbəti sanksiya paketi çərçivəsində Aİ ilk dəfə olaraq sanksiyalardan yayınmaya qarşı mexanizmini tətbiq etməyi nəzərdən keçirir.

Bu mexanizm Qırğızıstana dəzgahların və müəyyən radioelektron avadanlıqların ixracının qadağan olunmasını nəzərdə tutur.

Bloomberg-in məlumatına görə, Avropa İttifaqı həmçinin Rusiya bankları və neft şirkətlərinə qarşı əlavə məhdudiyyətlər, eləcə də Rusiyaya Aİ sanksiyalarından yan keçməkdə kömək edən üçüncü ölkələrin kriptovalyuta xidmətləri və maliyyə strukturlarına qarşı tədbirlər tətbiq etməyi planlaşdırır.

Təklif olunan paketə, həmçinin, Rusiyanın silah istehsalı üçün zəruri olan malları tədarük edən əlavə şirkətlərə qarşı yeni ticarət məhdudiyyətləri və bəzi Rusiya metallarının idxalının məhdudlaşdırılması da daxildir, – deyə mənbələr bildiriblər.