Küveytdən Azərbaycana ötən il 26 min nəfər turist gəlib

14:32 - 10.02.2026


10 fevral, Fineko/abc.az. 2025-ci ildə Körfəz ölkələrindən Azərbaycana təxminən 195 min nəfər turist gəlib. Bu turistlərin Azərbaycanda çəkdiyi xərclər təxminən 399 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, 2024-cü illə müqayisədə Körfəz regionu üzrə turist axını təxminən 6 faiz, xərclər isə təxminən 12 faiz azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin rəqəmlərində qeyd edilir. Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 2025-ci ildə təxminən 102 min nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 7 faiz artım deməkdir.

Turistlərin xərcləri isə 208 mln. manat səviyyəsində olub və illik müqayisədə təxminən 8 faiz artıb.

Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı 43 min nəfər olub ki, bu da 2024-cü illə müqayisədə təxminən 5 faiz azalma deməkdir. Turistlərin xərcləri 90 mln. manat təşkil edib və illik müqayisədə təxminən 18 faiz azalıb.

Küveytdən Azərbaycana gələn turistlərin sayı 2025-ci ildə 26 min nəfər səviyyəsində olub. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 16 faiz azalıb. Küveytli turistlərin xərcləri isə 55 mln. manat olub ki, bu da təxminən 22 faiz azalma deməkdir.