Yanvarda qida məhsulları, içkilər və tütün məmulatları 1,3 faiz bahalaşıb

12:00 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7,1 %, qeyri-qida məhsulları üzrə 3,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri bir ayda 1,3 % artıb.

Yanvarda ayrı-ayrı qida məhsullarından daha çox artım makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, azalma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.