Yanvarda ödənişli xidmətlər üzrə istehlak qiymətləri 1,9% artıb

12:05 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,3% artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-qida mallarından daha çox artım parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, "Aİ-92" markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, azalma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə dekabra nisbətən 1,9 % artıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin, azalma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.